Tədris edilən fənlərin mənimsədilməsi ilə tələbələr dizayn problemlərini həll edə bilən mütəxəssis kimi yetişirlər. Kafedra əməkdaşları respublikamızda hal-hazırda dizayn sahəsi üzrə fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, bu sahədə olan yenilikləri izləyir və elmi axtarışlarını davam etdirməkdədirlər. Kafedra əməkdaşlarının respublikada istehsal olunan məhsulların dizayn elementləri ilə tərtib olunması, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir.
Kafedranın beynəlxalq əlaqələri genişdir. Türkiyənin Qazi Universiteti (Ankara), İzmirdəki Ege Universiteti, Dənizli şəhərindəki Pamukkale Universiteti, Bursada Uludağ habelə Moskva Dövlət Dizayn və Texnologiya Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti ilə sıx əlaqə saxlayır. Azərbaycan Moda Assosiasiyası, GİLTEX, Baku Design Center, Venera Group, Zaferoğlu İnşaat, Baku Academy Center və My Design Concept, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq münasibətləri formalaşmışdır.